Yaralanmış qazilərimizlə görüşlər zamanı onların ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təminatı da həyata keçirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları Ayaz Məmmədovu evində ziyarət edərkən ona ehtiyacına uyğun olaraq təkərli oturacaq təqdim olunub.
Vətən müharibəsində Qələbəmizin qəhrəmanlarından olan Ayaz Füzuli rayonu uğrunda döyüşlərdə hər iki ayağından ağır yaralanıb və sol ayağı amputasiya edilib.
Görüş zamanı Agentliyin sədr müavini Mətanət Məmmədova qazinin yüksək texnologiyalı protezlə təmin ediləcəyini deyib. Ayazın müalicəsi başa çatdıqdan sonra ona əlillik dərəcəsi, aylıq sosial ödənişlər təyin ediləcəyi, reabilitasiya xidmətləri göstəriləcəyi bildirilib.
Qazimizin ailəsinin yaşayışı da diqqətdə saxlanır.